Azərbaycanın bank sektorunun aktivləri 27% artıb

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 920,2 milyon manat təşkil edib.
banks.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 26,8% çoxdur.
Bankların aktivlərinin 17 103,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,2% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,3%-dən 40,8%-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 30,3% artaraq 36 774,2 milyon manata, o cümlədən depozit portfeli 35,5% artaraq 29 982,1 milyon manata çatıb. Bunun 10 378,6 milyon manatı fiziki, 19 603,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 25,5%, şirkətlərin banklardakı vəsaitləri isə 41,5% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 24,3% azalaraq 281 milyon manat olub.
Sektorun balans kapitalı isə 6,1% artaraq 5 146,0 milyon manat təşkil edib.
- Teqlər:
- banklar aktivlər